Danışacaqsan
Mən bilirəm biz görüşəcəyik səninlə... Mən baxacam yaxın qədər uzaqdan. Sən danışacaqsan... O mənə danışdığın yanıb sönən, sənin üçün ötəri alışan ocaqdan... Bəlkə də illər boyu qəlbində olan sevgimə sədaqətin dil açacaq sözündə. Sən danışacaqsan... Mən baxacağam. Birdən hirsə dönəcək hansısa gizli sözündə hecalı adım. Ucalacaq nitqindən bir gecə sənə yazdığım,səssizcə qəlbimdə fəqan edən o səssizcə fəryadım...
Sən danışacaqsan, mən baxacağam... Səsin də kövrələcək... Bəzən mənə qıymağa dilin gəlmədiyindən gizli dünyamızda gizlətdiyin o səs mənə gəl deyəcək... Yenidən sev deyəcək, elə lap başdan... Lap əvvəlki o yaşdan... Susmağım ağladacaq səni, susmağım yandıracaq səni... Mən bilirəm, susmağım salacaq yadina, neçə şeir yazmışam sənin gözəl adına...
Məndən, səndən, ürəkdən, elə o ilk şeirdən bir iki misra... Sənin səsinlə, mənim sözümlə sən danışacaqsan, mən baxacağam... Deyəcəközün sənə,kövrələn sözün sənə, mənim ilk duyğularımı...Gecələrdə bir zaman o oyaq yuxularımı... Acı gülüşlərinlə...Gah gedən, gah qayıdan ülvi dönüşlərinlə... Mənə yaxın olacaq illər boyu uzaqda döyünən o ürəyin... Hərdən özü özündə sevgim ilə öyünən o ürəyin...
Mən bilirəm, yaman qəmli olacaq sükutumuz arada... Danışmağım nağıldı... Nagıllar yalançıdı.Ölür neçə gümanlar...Söküləcək qəlbindən elə o an, o yerdə Ümüdündən əl üzən,kecən,ötən zamanlar. Sən danışacaqsan, mən baxacağam. Mənə elə gəlir ki, xatirində elə əbədi susqun qalacağam.
Sözlərin qırılacaq, töküləcək köksümə...Əllərin uzanacaq o daşın üstündəki sənə baxan əksimə...
Sən danışacaqsan, mən baxacağam...
Mən yazdıqlarıma məhkumam, sən yaşadıqlarına məhkum
Divanədən…

Şərhlər (3)