Deyirdin gələcəyəm sənin ömrünə, baharı coşduran həzin yel kimi. Qəlbini odlayacam, sözlərdə boğulub, sözlərlə çağlayacağam. Bəzən gülüb həyatın qəm üzünə, bəzən sevinci duyub ağlayacağam. Günləri tükədib, səhərlər açacam deyirdin... Həsrəti ağladacağam sızlayan tel kimi. Qəmlərin saçın yolacaq... Gözündə silinməz bir sevda qalacaq sənin deyirdin... Sözünü bir nəğmə biləcək könül. Deyirdin hər gecə, hər gündüz sənin yanında güləcək könül. Sevəcək deyirdin sevgini. Ümman biləcəyəm ömürlük bir qəmi. Bir an biləcəyəm...Yaşayacağam sevginin zirvələrində,ən incə,ən gözəl düşüncələrində.
Deyirdin kamanın, tarın olacağam...Səndən ayrılmayan sevən yarın olacağam. Nəfəsində başlayacaq bir ömür. Tükəndi dedikdə tükənəcəyəm mən.Səni uca dağ bilib, səni zirvə bilib sevgində yaşayıb, sevgində gizlənəcəyəm mən... Deyirdin mən səni öyrənəcəyəm həyatın xoşbəxtlik kitabı kimi. Mən səni ömrümə ənam biləcəyəm. Allahdan dilənən ömür savabı kimi səndə axtaracağam suallarımı, tapılmayan bir sevgi cavabı kimi... Deyirdin.
Deyirdin bəxtinə çıraq olacam, qaranlıq dunyana işıq saçacam... Mən günəş bilib səni, sənə qaçacam.Gecənin gözlənən sabahı kimi. Deyirdin...
Deyirdin könlündə alışan ocaq olacam ,qızınacaq o yetim divanə könlün məndə... Şaxtalı çovğunda buz tutmuş ömrün məndə deyirdin...
Deyirdin səmalar ağlamayacaq. Deyirdin kövrələn buludu ovudacam...Sözlərinin dənizini sovuracam. Deyirdin baharın, yazın olacam… Mən tutulmuş nitqində şirin avazın olacam deyirdin…
Nələr deyirdin sən, nələr, nələr... Dediklərin indi qatil, acı xatirələr... İndi mənim yadımda özün boyda kədərsən... Bilirəmki, sən mənə təkcə qəm gətirəcəksən... Bilirəm ki, sən məni tükədib bitirəcəksən... Deyirdim sevgiyəm mən... İndi anladım mən, indi duydum ki, bir dəli sevgiyə məzaram,bir ömrün qəm səsiyəm…