Üsyan
Adın xatirəmdə, sözümdə qaldı,
Özün duman kimi çəkildin, itdin.
Səssiz xəyalların evimdə qaldı,
Küçədən, bacadan çəkildi izin.
Hələ ürəyimdə dərdin, təzə-tər,
Sönmüş ocağımın istisi də var.
Saçımda qar kimi görünən günün,
Könlümə dağ çəkən bəstəsi də var.
Sarı yarpaqların qəlbini əzən,
Fikirdən kiçilən addım yerində.
Dumanlı xəyallar məbədi mənəm,
Özüm öz yanımda özgələşmişəm.
Özgə suallara cavabam,nəyəm?!
Mən sənin yanında adiyəm, adi,
Özüm öz yanımda əbədi sənəm.
Qəribəm bu yerə, bu göyə sənsiz,
Qaranlıq yurdumda qəribsəmişəm.
Qara saçlarımda cığırlar açan,
Nakam arzulara gülümsəmişəm.
Sənsiz bu qismətin üzünə bilsən,
Yüz kərə, min kərə ağ olmuşam mən.
O qədər qaçmışam səddimnən çıxam,
Nahaqdan qəlbimə dağ olmuşam mən.
Əbəsdi,
Həvəsdi,
Hər nədi, bəsdi!
Yetər, zülmətinə üsyan etdiyim,
Səni kürəyimə sancan taleyin,
Özü bir fitnədir!
Özü bir qəsddir!...

Şərhlər (4)