Bu qismətin nankor üzü mən oldummu?!
Üz çevirdim varlığına.
Əllərində vidam qaldı,
Yaddaşını güllələyən sədam qaldı,
Bilirəm...
Getdim!
Kürəyimə saplanmışdı baxışların,
Yola ələnirdi qanım mənim.
Tükətmişdin taqətini,
Qəlbindəki hayqırtıdan tutulmuşdu qulaqları,
Can verirdi canım mənim.
Etinasız kölgələrdə itə-itə gizlənirdim.
Bilirdimki, hara getsəm nifrətinlə izlənirdim.
Qəzəbindən dar etmişdin ürəyimdə məzarımı,
Gözlərinin aynasında çiliklənib qırılmışdım.
Mən! Ruhumdan vurulmuşdum.
Sürünürdü varlığımın sümükləri,
Getdim!
Üzüqoylu yıxılmışdım bu dünyaya,
Barmaq-barmaq,
Cırmaq-cırmaq,
Getdim!
Ürəyimdə bircə günlük ömrüm ilə gedə bildim,
Səni xoşbəxt görmək üçün bu dünyada
Taleyindən itə bildim,
Getdim!