Gedirsən?
Məni ilk gördüyün o yerə qaytar,
Hə, elə lap qəmin ortasına,
Gözümdəki selə qaytar.
Qoy boş olsun solum, sağım,
Xəzan olsun arzularım,
Ömür bağım.
Yadındamı, sənə giley-güzar danışdığım
Ahu-zarlı dilə qaytar.
Qaytar mənim otağımda
Sakit-sakit, mışıl-mışıl uyuyan
Sükunətin damlasını.
Üzümdəki, gözümdəki kədərləri,
Sənsiz görüb fikrə gedən
O düşüncəli aynasını
Qaytar!
Yarımçıq sevinclərimi,
Sözümdəki qatar-qatar
Nadir incilərimi qaytar!
Dəyişməyən amalımı,
Haralardan məlul-müşkül, boynu bükük
Dönüb gələn etinasiz,
Etirafsiz
Xəyalımı qaytar.
Sabah gəlsin, mən gecikim,
Gün ötüşsün tələsməyim,
Hara getsə dövran, gedim!
Ürəyimdə gizli-gizli nə coşmayım, nə əsməyim!
Qaytar mənim dünənimi,
Bu günümü belə görmək istəməzdim,
İstəmədim, istəmərəm!
Daha birdə gözümdəki tənhalığı heç kimsədən
Gizlətmərəm, gizlətmərəm!
Qaytar mənə o gündəki yalnızlığın qüdrətini,
Qəlbim içrə duyğuların, məhəbbətdən danışdığı
O əlçatmaz, o mənalı söhbətini.
Dayanmasın daha zaman,
Sabahıma ümid dolu gözlə baxam.
Qaytar mənim hər addımda
Canım içrə taqətimi,
El içində bükülməyən
Qamətimi.