Düşüb əllərimə yalvarır qələm!
Yazma!
Zülmət gecələrdə həmdəmmi oldu?
Soyuq küçələrdə bir ovuc işıq,
Sənə ümid dolu bir addım atan,
Gələnmi oldu?
Yazma!
Baharın günəşli sabahını da,
Ömründə, günündə sevinc dediyin,
Gülüşün, sevginin qalanını da,
Aparmadımı?
Sənə öz dünyanda divan eyləyən,
Sevdanı ömründən qoparmadımı?
Yazma!
Sözlərin qanına batmasın əlin,
Nitqində nə qədər söz varsa, unut,
Ömrünün sonuncu vərəqini cır.
Aman, heç bir yerdə çatmasın əlin
Dəli duyğulara,
İtən arzulara.
Yazma!
Düşüb əllərimə yalvarır qələm!