Susdum... düşündüm ... güman eylədim,
Gizlədim bu dəli sevdamı səndən.
Səbəbsiz, könlümə divan eylədim,
Varlığım nə qədər cəhd etdi, bilsən,
İnadkar sükutu əyə bilmədim,
Sənə öz eşqimi deyə bilmədim.
Baxışım gizləndi, gözdən utandı,
Ürəyim titrədi, sözdən utandı.
Üz-üzə gələndə üzdən utandı,
Atəşim bağırdı, közüm ağladı.
Bu necə üsyandı, bilə bilmədim,
Sənə öz eşqimi deyə bilmədim.
Nələri gizlədi, nələri qəlbim,
Nələri səninlə bölmək istədim.
Hər anın yerinə gücüm tükəndi,
Hər fikrin sonunda bir təkcə səndin.
Yolunda duman var, silə bilmədim,
Sənə öz eşqimi deyə bilmədim.
Divanə könlümün ümidi sənsən,
Bu sirli aləmi duymazki, çoxu.
Bəlkə anlayasan, bəlkə biləsən,
Gözümdə bir dərya sözüm var, oxu.
Usandı nitqim də, dinə bilmədim,
Sənə öz eşqimi deyə bilmədim.