Divanə dünyası / Necəsən?

Necəsən?

Bir gecə köz kimi düşdün könlümə, 
Açılan sabahım, danım necesən?
Niyə qərib etdin məni ömrünə?
Can içrə can olan, canım necəsən?

Günəşə zülm etdin gecələrə qəsd,
Çəkdin aramıza yenilməyən sədd.
Məni dinləməyə eyləmədin cəhd,
Keçməyən, ötməyən anım, necəsən?

Hər insan üzündən, gözündən baxan, 
Qəm eşqi qəlbimdə yandırıb yaxan,
Ürəyim içində od kimi axan,
Damarda qövr edən qanım, necəsən?

Sən mənim öz yurdum, sevda məhbəsim, 
Sözümlə qəmləndi qəlbi hər kəsin.
Mən səni oxudum, kövrəldi səsim,
Söhbətim, şöhrətim, şanım necəsən?

Divanə könlümün nərdi dözümü,
Hicrin yalan etməz ürək sözümü.
Bir dillən, bir danış, mən də özümü,
Dünyanın xoşbəxti sanım,necəsən?

29 noyabr 2013
Geri qayıt