Divanə dünyası / Yaz çiçəyi

Yaz çiçəyi

Sən gözəl bir baharın yaz çiçəyi idin,
Mənim xoşbəxtliyim səni görməkdi.
Qəlbimdə bu qədər böyük istəklə,
Bölməkdi səni,
Bir özgə ömürün astanasıyla.
Sən gözəl bir baharın yaz çiçəyi idin,
Yatmış bir taleyin ayılmasıyla
Bəzəkli idin.
Əlçatmaz, ünyetməz olduğun qədər
Gərəkli idin.
Mənim ümid dolu səhərlərimə,
Gündüzün özündə gizli sizlayan,
Gecənin gözündə par-par parlayan
Kədərlərimə,
Gərəkli idin.
Günəşi əliylə tutub saxlayan,
Məni ürəyimdən ərşə bağlayan
Zalım taleyin,
Gözəl bir baharın yaz çiçəyi idin.

Köksümün ahında dumana düşən,

Gündən-günə təravətlə gözəlləşən,
Gözəl bir baharın yaz çiçəyi idin...

***    ***    ***
Ovcumun köksünə sığınıb duran,
Bilirəm!
Mən səni itirəcəyəm.
Gözümlə görmüşəm, mən bu baharı,
Bilirəm!
Elə gözümdə də itirəcəyəm,
Sən ləçək-ləçək ucalacaqsan,
Sonra yarpaq-yarpaq qocalacaqsan,
Görməyəcəyəm!...
Xatirən köksümü dağ-dağ, edəcək,
Düşünə-düşünə yaşayacağam,
Sən gözəl bir baharın yaz çiçəyi idin,
Sürünə-sürünə yaşayacağam,
Sənin hər ümiddə izin qalacaq,
Sənin hər arzuda izin qalacaq.
Mən səni bir sabah axtaracağam,
Sən məni bir gecə tapmayacaqsan.
Küləyin köksüylə gəzsən şəhəri,
Çatmayacaqsan!...
Mənim məzlum qalan zamanıma
Çatmayacaqsan!...
Sən gözəl bir baharın yaz çiçəyi idin,
Mən səni bir sabah axtaracağam...
Sən məni bir gecə tapmayacaqsan.

19 aprel 2015
Geri qayıt