Mən öldüm deyə dəyişmədi bu şəhər,
Günəş yenə isidir buz torpağı,
Səhər yenə gəlir,
Yaşayan ömrünün pəncərəsinə.
Mən öldüm deyə, gecədən ay da küsmədi,
Nə bu yollar, nə də ağaclar düşünmədi,
Biri vardı deyə...
Bir gülüş də azalmadı özgələrin üzündən,
Həyat da heç keçmədi doğrusundan, düzündən,
Mən öldüm deyə şəfəqli dəniz,
Yorğun sahillərə can atdı, durdu.
Bu beləydi əslində, belə də oldu.
Kim bilir, kimlərin izi tükəndi,
Bu mənsiz şəhərin küçələrindən.
O nəfəs...
Son nəfəs qopdu gecələrindən,
Mən öldüm deyə darıxma, vallah.
Gözün çox sevincin xəyalındadı,
Tələsir əlinə sevdalı əllər,
Kim bilir...
Sevgilim!
Bəxtin kimin əlindədi,
Ömrün kimin yanındadı.
Mən öldüm deyə, ölməyəcək ki, gülüm,
Səni nə vaxtsa yenidən sevən ürəklər.
Günləri günlərə calayan ümidlər, diləklər,
Ölməyəcək ki...
Sən dönüb dolanan əqrəbə baxma,
Zamansız oldu Divanə,
Dönməyəcək ki...